İcra Hakimiyyəti
İcra Hakimiyyətinin Başçısı
Faiq Akif oğlu Qürbətov
Faiq Akif oğlu Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.
1980-1990-ci illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur.1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tarixçi - tarix müəllimi ixtisası üzrə, 1998-2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində İnzibati Idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, 2002-ci ildə Dövlət Turizm Qurumlarının əməkdaşları üçün Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirmişdir.
1995-1997-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə ictimai fəaliyyətlə məşğul olaraq yeni yaradılmış “Tarixçi Tələbələrin Elmi Cəmiyyəti”nin üzvü, sonra isə “Bakı Gənclər Klubu”nun təsisçilərindən biri və vitse-prezidenti olmuşdur.
Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Sədr müavini olaraq başlamışdır.1998-1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclər Təşkilatları ilə iş üzrə şöbənin məsləhətçisi, 1999-2001-ci illərdə Gənclər, İdman və Turizm Nazirinin köməkçisi, 2001-2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri vəzifələrində çalışmışdır.
F.Qürbətov 2007-2012-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyində İnstitutsional Yardım Layihəsinin direktoru (“Mədəniyyət və Turizm Nazirliyinə İnstitutsional Yardım Layihəsi”nin), 2011-2012-ci illərdə Turizm İnstitutunun Menecment və marketinq kafedrasında müəllim, 2012-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri, 2018-ci ildən 2020-ci ilin avqust ayının 24-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin mərkəzi aparatının rəhbəri vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli Sərəncamı ilə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Faiq Qürbətov əmək fəaliyyəti dövründə bir çox beynəlxalq tədbirlərdə iştirak etmişdir.
Azərbaycan, Rus, İngilis, Türk, Ərəb, İtalyan dillərini bilir.
2003-cü ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.
Ailəlidir.2 övladı var.