Vətən Müharibəsi şəhidi Sehran Nizami oğlu Vəliyev
Vətən Müharibəsi şəhidi Sehran Nizami oğlu Vəliyev - 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Sehran 2000-ci ildə yaşadığı Nəsimi kəndinin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib. Sehran 2008-ci ildən kinq-boksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20 aprel 2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28 aprel 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib. Ailəli idi, 3 övladı əmanət qaldı.Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb. Onun müraciəti razılıqla qarşılanıb və 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilib. Sonra ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb. O, Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) 27 iyul 2016-cı il tarixindən 24 sentyabr 2016-cı il tarixinə qədər "fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qurup komandiri" kursunu bitirib. Buranı bitirdikdən sonra N saylı hərbi hissəyə təyinat alıb və burada kəşfiyyat manqasının komandiri işləyib. Burada üç il xidmət etdikdən sonra əldə etdiyi nailiyyətlərə görə onu kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin ediblər.
27 sentyabr 2020-ci il Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və Füzuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Sehran Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Təltifləri
• (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
• (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
• (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)