Vətən Müharibəsi şəhidi Mahmudlu Babək Süleyman oğlu
Vətən Müharibəsi şəhidi Mahmudlu Babək Süleyman oğlu - 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır.Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu “İstiqlal” snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir.
27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, xeyli düşmən əsgərini “İstiqlal”ı ilə məhv etmişdir. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Babək Mahmudlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Təltifləri
• (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
• (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
• (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
• (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)