Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirildi.

23 may 2019 | 16:00

23 may 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində  Biləsuvar şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirildi.
Müzakirədə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Alxas Mahmudov, layihənin baş iqtisadçısı Rafiq Mirzəyev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Biləsuvar şəhər icra nümayəndəsi, Biləsuvar bələdiyyəsi və şəhər sakinləri iştirak etdi.
Təqdimatda iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və  tövsiyələri əsasında respublikamızın şəhərsalma və tikinti sahəsində çox böyük işlər görülmüş, bu sahədə görülən işlərin səmərəliliyinin artırılması və  tənzimlənməsi məqsədilə Qanunlar, Fərmanlar, Sərəncamlar imzalanmaqla yeni normativ-hüquqi baza yaradılmışdır.
Şəhərsalma və tikinti sahəsində şəhərsalma kadastr xidmətinin təşkili, məlumatların toplanması və bu məlumatlar əsasında şəhərsalma kadastrı məlumat bazasının yaradılması, coğrafi informasiya sistemlərinə əsaslanan şəhərsalma kadastrı xəritələrinin və dövlət informasiya sisteminin hazırlanması xüsusi önəm daşıyır.
M.Quliyev bildirdi ki, bu gün respublikamızın hər bir şəhərinin inkişafı, onun gözəlliyinin qorunması və müvafiq kommunikasiya sisteminin hazırlanması məqsədilə şəhərlərin baş planları hazırlanaraq müzakirələr əsasında qəbul edilir və icrasına başlanılır.
Biləsuvar şəhərinin də  Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış baş planı imkan verəcəkdir ki, şəhərin abadlaşdırılması və gözəlləşdirilməsi istiqamətində apardığımız işləri bundan sonra  daha konkret şəkildə həyata keçirək.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Alxas Mahmudov çıxış edərək bildirdi ki, Biləsuvar şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair Baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən dövlət büdcəsi hesabına “Azıx” Məhdud  Məsuliyyətli Cəmiyyəti tərəfindən işlənilmişdir. Tərtib olunan baş planın yekun layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və normativ sənədlərin  tələblərinə uyğun hazırlanmışdır.
Bildirildi ki, Biləsuvar şəhərinin Baş planının ilkin layihəsi tanış olunmaq üçün 19 oktyabr 2017-ci il tarixindən başlayaraq 60 gün müddətinə şəhərin ictimaiyyətinə təqdim olunmuşdur. Həmin müddət ərzində şəhər ictimaiyyəti, idarə və təşkilatıların nümayəndələri, təqdim olunan ilkin layihə ilə tanış olmuş, etiraz və təkliflərini bildirmişlər. Eyni zamanda bildirmək lazımdır ki, Biləsuvar şəhərinin baş planının yekun layihəsinin bu gün aparılan ictimai müzakirəsinin müddəti, yeri və yekun layihə ilə tanış olma qaydası haqqında məlumat bir həftə qabaqcadan sifarişçi tərəfindən ictimaiyyətə internet səhifəsində və Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasında quraşdırılan məlumat lövhəsi yerləşdirilməklə sakinlərin nəzərinə  çatdırılmışdır.
Qeyd olundu ku, İcraçı tərəfindən ilkin layihə ilə tanışlıq zamanı ictimaiyyət tərəfindən verilən tövsiyə və təkliflər yekun layihədə öz əksini tapmışdır.İctimai müzakirəyə təqdim olunan Baş planın yekun layihəsi Layihə tapşırığında nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanları və digər aidiyyəti təşkilatlar tərəfindən razılaşdırılmışdır.
Təqdimatda İcraçı təşkilatın nümayəndəsi Rafiq Mirzəyev  qeyd etdi ki, baş planın hazırlanmasında Dövlət proqramlarının və müvafiq yol xəritələrinin tələbləri və təklifləri nəzərə alınaraq Biləsuvar şəhərin perspektiv sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri müəyyən edilərək ayrı-ayrı mərhələlər üzrə konkret tədbirlər təklif edilmişdir.
Baş plana əsasən şəhərsalmanın inkişafı aşağıdakı mərhələləri nəzərdə tutur:
layihənin başlanğıc (istinad ili – 01.01.2016- cı il);
birinci növbə -  2023- cü il;
hesabat müddəti- 2036-cı il.
Tədbirdə çıxış edənlər  hazırlanan yekun layihə barədə fikirlərini bildirdilər və verilən suallar  cavablandırıldı.
Sonda yekun layihənin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına dair qüvvədə olan müvafiq normativ-hüquqi aktların tələblərinə tam şəkildə uyğun işlənildiyi, aidiyyəti orqanlarla razılaşdırılaraq qanunvericiliyə uyğun olaraq hazırlandığı bildirildi və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi təklif edildi.

Keçidlər