Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Azərbaycanda Dövlət-Din münasibətləri: Tarix və müasirlik” mövzusunda iki günlük seminar-müşavirə keçirildi.

12 aprel 2019 | 16:00

11 aprel 2019-cu il tarixdən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Biləsuvar rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Biləsuvarda “Azərbaycanda Dövlət-Din münasibətləri: Tarix və müasirlik” mövzusunda iki günlük seminar-müşavirə keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, dindarlar, kənd icra nümayəndələri, məktəb direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov rayondakı dini durum barədə məlumat verərək bildirib ki, milli-mənəvi və dini dəyərlərimizin təbliği dövlətimizin siyasətində mühüm istiqamətlərdən biridir. O qeyd edib ki,  ölkəmiz multikultural, tolerantlıq nümunəsi olmaqla yanaşı, adət-ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir, xalqımızın söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasını təşkil edir.
Mövzunun əhəmiyyətindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə radikalizm ideyalarının yayılmasının qarşısının alınması, o cümlədən, dinlə, milli-mənəvi dəyərlərimizlə bağlı düzgün maarifləndirmə işinin bir neçə istiqamətdə aparıldığını bildirib. Dövlət Komitəsinin maarifləndirmə məqsədilə ölkənin, demək olar ki, bütün rayon və şəhərlərində ardıcıl olaraq dəyirmi masalar, konfranslar keçirdiyini önə çəkən Komitə sədrinin birinci müavini bu tədbirlərin əsas mövzusunun dövlət-din münasibətləri, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsi, ənənəvi İslamın müasir cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması və ən əsası da gənclərin maarifləndirilməsi olduğunu qeyd edib. Gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdıran natiq dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bildirib. Bildirilib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir. Bunların da qarşısını yalnız dini və dünyəvi bilikləri yüksək olan cəmiyyət ala bilər.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Seminar-müşavirə  işini aprelin 12-də davam etdirdi. Tədbiri giriş sözü ilə açan  rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı tədbirin mövzusu və əhəmiyyəti barədə ətraflı məlumat verdi. Respublikanın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da dövlət-din münasibətlərinin daim qorunub saxlandığını qeyd edən natiq bu sahədə rayonda görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında danışdı.
Seminar-müşavirədə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı mövzu ətrafında geniş və əhatəli nitq söylədi. O, ölkəmizdəki dövlət-din münasibətlərinin tarixi kökləri, ənənələr və müasir yanaşmalar haqda danışdı. Umummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin Azərbaycanda tolerant və multikultural mühitin formalaşmasına verdikləri töhvələrdən söz açdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə din-dövlət münasibətlərində müasir yanaşmalardan, digər cəmiyyətlərdə mövcud anoloji vəziyyətin müqaisəli təhlilindən söz açaraq tədbir iştirakçılarının suallarına cavab verdi.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gələn “Üfüqdəki gələcək” filmi nümayiş etdirildi. Film böyük maraqla izlənildi. Yekunda Komitənin din, mənəviyyat və ənənələrlə əlaqədar mövzuları əhatə edən yeni nəşrləri iştirakçılara paylandı.

Keçidlər