Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun uşaq tərbiyə müəssisələrində “Müstəqilliyimiz uşaqların gözü ilə” layihəsi çərçivəsində tədbir keçirildi.

23 may 2018 | 16:00

22 may 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar şəhər uşaq bağçalarının hazırladıqları “Müstəqillik uşaqların gözü ilə” layihəsi çərçivəsində tədbir keçirildi.
Tədbirdə rayon  İcra  Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, məktəbəqədər  tərbiyə  müəssisələrinin rəhbərləri, kollektivləri və  valideynlər  iştirak  etdilər.
Biləsuvar rayon  İcra  Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova 28 may – Respublika günü münasibətilə bağçaların kollektivini təbrik etdi və xoş arzularını bildirdi.
L.Yüzbaşova qeyd etdi ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
L.Yüzbaşova bildirdi ki, hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.İllər bir-birini əvəz etdikcə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, abadlıq-quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.
Tədbirdə uşaqlar tərəfindən hazırlanmış müxtəlif səpkili səhnəciklər, rəqslər, şer və mahnılar maraqla qarşılandı.

 

Keçidlər