Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş futbol üzrə rayon turnirinə start verildi.

02 may 2018 | 16:00

02 may 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş futbol üzrə rayon turnirinin açılış mərasimi keçirildi.
Yarışın açılış mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov,  idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etdi.
Turniri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirdi. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğulayan Aqşin Bağırov Ümummilli Lider Heydər Əliyevin 3 rəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını diqqətə çatdırdı. İdarə rəisi Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələrinin Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildiyini və 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdığını vurğuladı. Çıxış zamanı həmçinin qeyd olundu ki, Azərbaycan bu gün bütün dünyada idman ölkəsi kimi tanınır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğı və diqqət göstərməsi idman nailiyyətlərimizin artmasında, yeni idman qurğularının istifadəyə verilməsində mühüm rol oynayır.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının birinci  müavini Xanlar Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edərək bildirib ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar. Bu mübarizənin nəticəsi olaraq 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirdi.
Sonra  futbol turnirində iştirak edən bütün komandalara uğurlar arzulandı və yarışlara start verildi.

Keçidlər