Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirildi.

18 aprel 2017 | 16:00

 

18 aprel 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev  Mərkəzində Biləsuvar rayonunda 2017-ci  ilin  birinci rübünün  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdi.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev şura iclasında geniş məruzə ilə çıxış edərək 2017-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verdi.Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qarşımıza qoyduğu  tapşırıqlara uyğun olaraq rayonumuzda  sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər  2017-ci ilin birinci rübündə  də uğurla davam etdirilmişdir.
Ölkə rəhbərinin  aqrar sahənin, xüsusilə də  pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu  vəzifələrə uyğun olaraq rayonumuzda 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilmiş və   12062 ton məhsul toplanmışdır. Bu da 2015-ci ilin göstəriciləri ilə  müqayisədə 2 dəfə artım deməkdir. Ümumi məhsuldarlıq 20 sentner olmuşdur.Pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə  yaxın olmaqla, 800 nəfər mülkiyyətçi 2.4 milyon manat gəlir əldə etmiş və əlavə olaraq 1.2 milyon  manat həcmində subsidiya almışdır.
Mülkiyyətçilərimiz  2017-ci ildə 11 min hektar sahədə pambıq əkini üçün pambıq emalı müəssisələr müqavilələr bağlamış, əkin sahələri tam şumlanmış və digər aqrotexniki tədbirlər həyata keçirilərək  pambıq əkini üçün tam hazır vəziyyətə gətirilmişdir. Hesabat gününədək 4038 hektar sahədə yüksək repreduksiyalı çiyid səpini həyata keçirilmişdir.Hazırda pambıq əkini sürətlə davam edir.Pambıqçılarımız bu il 27 min tondan çox pambıq istehsal etməyi  qarşılarına məqsəd qoymuşlar. Bu isə öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manata yaxın subsidiya deməkdir.
Bu gün pambıq əkini sahələrinin 11 min hektara çatdırılması son hədd deyildir. Ölkə Prezidentinin dövlət  fonduna aid olan torpaq  sahələrindən daha səmərəli istifadə etmək barədə  tapşırığına uyğun olaraq rayonumuzda da 17 min hektardan çox əkinə yararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi işləri artıq başa çatmaq üzrədir. İlkin mərhələdə 4676 hektar sahədə salınan aqroparkın ərazisində hazırda  30,5 min kub metr şor kollektoru lildən təmizlənmiş, 20 kilometr yeni aralıq kollektoru qazılmış, 37 km ərazidə hamarlama işləri aparılmışdır.Aqroparkın ərazisində  65 hektar sahədə taxıl əkilmişdir. Parkda  pambıq əkini üçün hazırlanmış 435 hektarda şum və mala işləri tam başa çatdırılmış, 200 hektar sahədə çiyid səpilmişdir.Yaxın günlərdə burada pambıq əkini tam başa çatdırılacaq.Bundan əlavə 500 hektar sahədə qarğıdalı əkini üçün şum vurulmuş və ərazi əkin üçün hazırlanmaqdadır.
5000 hektar ərazidə salınacaq Aqroparkda isə pambıq, taxıl, soya, günəbaxan və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur.
Min hektarlarla ərazini əhatə edən həmin əkinə yararlı qış otlaq sahələrinin  ümumi əkin dövriyyəsinə qoşulması rayonun iqtisadiyyatının möhkəmlənməsinə, minlərlə insanın məşğulluğunun təmin olunmasına və ən əsası rayonun yerli gəlirlərinin özünü maliyyələşdirilməsi sisteminə  keçirilməsini təmin edəcəkdir.Hazırda həmin ərazidə heyvandarlıqla məşğul olan az sayda ailələrə isə daha münasib yerlərdə boş torpaq sahələri müəyyənləşdirib verilməsi mümkündür.
Rayonumuzda kənd təsərrüfatının digər sahələri də diqqət mərkəzində olmuşdur.2017-ci ilin birinci rübünə  rayon üzrə 622 hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır.2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 24.3 min hektar payızlıq taxıl əkini aparılmışdır ki, bunun da 13 min hektarı buğda, 11.3 min hektarı isə arpa bitkisidir.
2017-ci ilin birinci rübü ərzində  iri buynuzlu mal-qara  41.2 min baş, xırdabuynuzlu mal-qara   isə  138.4  min baş təşkil etmişdir.
Bakı şəhər   əhalisini  ucuz  və keyfiyyətli kənd  təsərrüfatı  məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan  yarmarkalarda  Biləsuvar  rayonunun  fermerləri  də yaxından iştirak etmişlər.
Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 40.1 milyon manat olmuşdur.Bu ilin birinci rübündə əsas  kapitala yönələn  investisiyalar 2.9 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 64.4 milyon manat təşkil etmişdir. 2017-ci ilin ilk üç ayında rayon əhalisinin gəlirləri 65 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 644 manat təşkil etmişdir.
Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı 25 ədəd çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
2017-cı ildə 105 nəfər əmək qabiliyyətli vətəndaşın 1 il müddətində işlə təmin olunması məqsədi ilə rayonda aztəminatlı ailələrin yaşadıqları  9 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri aparılmışdır.Hazırda təmir işləri davam etdirilir.Bundan əlavə Ələt-Astara mağistral avtomobil yolunda 110 min manatlıq   yol təmir işləri görülmüşdür.
Ötən dövr  ərzində rayonda  əhalinin elektrik enerjisi və  təbii qazla təmin edilməsi istiqamətində    işlər görülərək  yaşayış məntəqələrində şəhər mərkəzində və kəndlərdə 3,2 kilometr elektrik naqili və 131 elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.
Rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahəsində də müəyyən işlər görülmüş, gənclərlə işin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.Rayonun təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən  keçirilməsi ilə bağlı tapşırığına əsasən  15 fevral-01 may müddətində Biləsuvar rayonunda  75 min nəfərə yaxın əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuş və hesabat gününədək 53491  nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir.
2017-ci ilin birinci rübündə də rayonda dövlət Gənclər və İdman siyasəsətinin həyata keçirilməsindən ötrü bir sıra işlər görülmüş, gənclərin mənəvi-psixoloji, mədəni, vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi işlərinə diqqət daha da artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilən və artıq bir ənənəyə çevrilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  bu ilin 23 mart tarixində  rayonumuzun  40 nəfər gənci  Quba-Qusar-Xaçmaz rayonlarına 4 gunlük ekskursiyaya göndərilmişdir.
İclasda tarixə “şanlı aprel döyüşləri” kimi daxil olmuş 2016-cı ilin aprel döyüşlərinin bir illiyinin respublikamızın hər yerində olduğu kimi  Biləsuvar rayonunda da təntənə ilə qeyd olunduğu bildirildi.Bu döyüşlər bütün dünyaya və həmçinin ermənilərə bir daha sübut etdi ki, Azərbaycanın öz torpaqlarını istənilən an işğaldan azad etməyə, bu torpaqları daima qorumağa qadir olan güclü ordusu, onun müdrik, uzaqgörən Prezidenti və Ali Baş Komandanı var.Məhz bu döyüşlərdən sonra xalqımız bir daha əmin oldu ki, bir qarış torpağımız belə işğal altında qalmayacaqdır
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xalqımızın tezliklə baş tutacaq qələbəmizə inamını daha da artırmışdır. Cocuq Mərcanlıda bərpa-quruculuq işlərinə başlanması müdrik Prezidentimizin qətiyyəti sayəsində işğal olunmuş torpaqlarımıza böyük qayıdışın başlanğıcıdır.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışının sonunda bildirdi ki, biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2017-ci ili  layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq”.
Hesabat iclasında DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri Fərasim Əliyev, Dövlət Sığorta Kommersiya Şirkətinin Biləsuvar rayon şöbəsinin müdiri Qabil Bağırov və 45 saylı yol istismar MMC-nin baş mühasibi Qulam Sadiqov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.

Keçidlər