Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda aprel döyüşləri zamanı şəhid olmuş Dəmirli Hüseyn Zeynal oğlunun xatirəsi anıldı

05 aprel 2017 | 16:00

5 aprel 2017-ci il tarixdə Biləsuvar rayonunda aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan  Azərbaycan ordusunun   müddətdən artıq hərbi xidmət qulluqçusu   Dəmirli Hüseyn Zeynal oğlunun xatirəsi ehtiramla anıldı.Hüseyn Dəmirli 4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin  torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan ordusunun zabitləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev  şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  Hüseyn Dəmirlinin xatirəsinin biləsuvarlıların qəlbində daima yaşayacağını bildirdi.
M.Quliyev ordumuzun aprel döyüşlərində qazandığı tarixi qələbədən danışaraq bildirdi ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü. Ermənistan  müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi. Azərbaycan hər an öz torpaqlarını cəmi bir neçə günə işğaldan azad edə bilər. Aprel döyüşləri bunu dünyaya göstərdi.Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Bizim ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı.
Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daima dərin hörmətlə anacaqdır.Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  bütün əsgərlərimizin qisası  güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Məhz bu qələbənin nəticəsində ordumuz bir sıra strateji yüksəklikləri və yaşayış məntəqəsini düşməndən azad etməklə üstünlüyü təmin etdi.Bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə abadlıq və quruculuq işləri aparılır.Əlbəttə bu böyük qayıdışın başlanğıcıdır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bir daha  torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyərək, ailələrinə başsağlığı verdi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezident İlham Əliyev cənablarına  minnətdarlıqlarını bildirərək, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildirdilər.
Sonra əsgər Dəmirli Hüseyn Zeynal oğlunun məzarı ziyarət olundu.

Keçidlər