Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tağızadə Elçin Ağaqulu oğlunun xatirəsi ehtiramla anıldı.

28 noyabr 2021 | 16:00

28 noyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elçin Tağızadənin xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Anım mərasimində şəhid kapitan Elçin Tağızadənin ailəsi tərəfindən Zəhmətabad kəndində şəhidin əziz xatirəsinə ucaldılmış  kompleksin və  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olmuşdur. 
Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq  xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Vətən Müharibəsi şəhidi Tağıyev Elçin Ağaqulu oğlu 1989-cu il iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad кəndində anadan olub. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad кənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 6 yaşlı Dəryanur, 3 yaşlı Tağı və 1 aylıq Məhəmməd adında üç övladı yadigar qaldı.
Elçin Tağıyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşləri zamanı dostu baş leytenant Ziya Həsənovun şəhid olmasından sonra Müdafiə Nazirliyinə müraciət edir və öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam edir.
Azərbaycan Ordusunun kapitanı olan Elçin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Tağıyev oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Tağıyev (ölümündən sonra) "Qarabağ" ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elçin Tağıyev ölümündən sonra "Vətən uğrunda" və  "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər