Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İsayev Rahət Rafət oğlunun və Baloğlanlı Elşad Elşən oğlunun xatirəsi ehtiramla anıldı.

18 noyabr 2021 | 16:00

18 noyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Rahət İsayevin və Elşad Baloğlanlının  xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər iki  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq  xatirələri anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi  İsayev Rahət Rafət oğlu -2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad кənd tam orta məktəbdə təhsil alıb. Sabirabad Dövlət Sosial – İqtisadi Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Subay idi.
Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi.
Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Rahət İsayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi  Baloğlanlı  Elşad Elşən oğlu -18 yanvar 2002-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2020-ci ilin yanvar ayında həqiqi hərbi  xidmətə çağırılmışdı.
Elşad Baloğlanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər