Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Sahil Məmişlinin, Nicat Qasımzadənin və Elnur Əzizlinin xatirəsi ehtiramla anıldı.

12 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
12 noyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Sahil Məmişlinin, Nicat Qasımzadənin və Elnur Əzizlinin  xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq  xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadıqları evə vurulan xatirə lövhələrinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi  Məmişli Sahil Ağaverdi oğlu - 21 avqust 1991-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin giziri Sahil Məmişli   27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak etmiş, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 11 noyabr 2020-ci il tarixdə  Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Sahil Məmişli 12 noyabr 2020-ci il tarixində doğulduğu Çaylı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Sahil Məmişli  ölümündən sonra "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi  Qasımzadə Nicat Höccət oğlu - 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-cı ildə şəhid Ənvər Rəhmətov adına kənd tam orta məktəbində təhsil almağa başlayıb . 2018-ci ildə təhsilini başa vurub. Nicat Qasımzadə 2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə başlayıb. İlk 3 ay Goranboy rayonunda xidmət edib. Daha sonra Ağdama yollanaraq 3 ay artilleriya qoşunlarında xidmətini davam edir. Nicat Qasımzadəyə hərbi xidməti dövründə pulemyotçu vəzifəsi verilir, daha sonra manqa komandiri olur. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurur və 6 iyul 2020-ci il tarixində tərxis olunur.
Nicat, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırıldı. O, müharibə dövründə Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş və düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçə yaralı dostunu xilas etmişdir. 10 noyabrda ürəyindən aldığı qəlpə yarası nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Şəhid Nicat Qasımzadə 12 noyabr 2020-ci il tarixində doğulduğu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Nicat Qasımzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü"medalları medalı ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi  Əzizli Elnur Şahin oğlu - 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elnur Əzizli ölümündən sonra  "Vətən uğrunda","İgidliyə görə", "Şuşanın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər