Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməd Kərimlinin və Elməddin Əlizadənin xatirəsi ehtiramla anıldı.

09 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
9 noyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Səməd Kərimlinin və Elməddin Əlizadənin  xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər iki  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq  xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.
Vətən Müharibəsi şəhidi  Kərimli Səməd İkram oğlu -16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Orta təhsilini Əliabad kənd tam orta məktəbində almışdır.
2019-cu ilin iyul ayının 2-də həqiqi hərbi xidmətə çağrılan Səməd Beyləqan rayonundakı N sahlı  hərbi hissədə xidmət edir.
Səməd Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Səməd Kərimli 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü",  "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilir.
Vətən Müharibəsi şəhidi  Əlizadə Elməddin Sübhi oğlu  -11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Orta təhsilini Zəhmətabad kənd tam orta məktəbində almışdır.
Elməddin Əlizadə 2015-ci ilin payızında həqiqi hərbi xidmətə çağırılmış və 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulmuş, Füzuli, Xocavənd rayonları istiqamətində və Şüşa şəhəri uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabrda Şuşa şəhərində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elməddin Əlizadə 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Elməddin Əlizadə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər