Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qədirli İsmayıl Elçin oğlunun və Yoldaşov Alim Mirzə oğlunun xatirəsi ehtiramla anıldı.

28 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
28 oktyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Qədirli İsmayıl Elçin oğlunun və Yoldaşov Alim Mirzə oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidlərin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yollarından danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirələri bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidlərimizin  yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olub.
Vətən Müharibəsi şəhidi  Qədirli İsmayıl Elçin oğlu -1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. Məktəb vaxtlarından idmana marağı olan İsmayıl taekvando idman növü ilə məşğul olmağa başlasa da, ayağında yaranan problemə görə idmanı davam etdirə bilmir. 2015-ci ildə orta məktəbi bitirib işləməyə başlayır.
O, 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Xidmət etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşşəkkürnamə göndərilir. 2018-ci ildə hərbi xidmətini bitirib, yenidən iş həyatına qayıdır. 27 sentyabr Vətən Müharibəsi başlayanda İsmayıl Biləsuvar rayonuna qayıdır və adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-u isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur. İsmayıl Qədirli daha sonra Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə qəhrəmancasına şəhid olur. O, 28 oktyabr tarixində Biləsuvar şəhərində dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Qədirli İsmayıl ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə"   və  "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi  Yoldaşov Alim Mirzə oğlu -10 mart 1997-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır.
Alim Yoldaşov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Alim Yoldaşov 28 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Alim Yoldaşov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər