Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əmənov Məhəmməd İltizam oğlunun xatirəsi ehtiramla anıldı.

20 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
20 oktyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Əmənov Məhəmməd İltizam  oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.
Məhəmməd İltizam oğlu Əmənov - 18 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.  Kənd tam orta məktəbində orta  təhsil almışdır. əhəmməd hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdaraq gizir kimi xidmətini davam etdirməyə başlayır.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş, düşmənə qarşı hücumda iştirak etmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə Goranboy istiqamətində tank komandiri kimi qatılmışdır. Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Məhəmməd Əmənov 20 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları  ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər