Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Vətən Müharibəsi Qəhrəmanı şəhid Orxan Əkbərovun və şəhid Elmin Bayramovun xatirəsi ehtiramla anıldı.

06 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
  Bu gün Biləsuvar rayonunda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovun və  Elmin Elməddin oğlu Bayramovun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri  şəhidlərin ata ocağını ziyarət edərək, valideynləri ilə görüşüblər. Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Əkbərovun ailəsi tərəfindən Biləsuvar şəhərindəki ata ocağında şəhidin əziz xatirəsinə ucaldılmış xatirə kompleksinin açılış mərasimi də keçirilib. Açılış mərasimində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Anım mərasimində Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.Tədbir zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunaraq, yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.
Orxan Nadir oğlu Əkbərov-1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məкtəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məкtəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun polкovniк-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Orxan Əkbərov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Elmin Elməddin oğlu Bayramov- 21 iyul 2002-ci ildə  Biləsuvar  rayonunun  Əsgərabad kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əsgərabad kənd tam orta məktəbində orta təhsil alıb.
2020-ci ilin iyul ayından Ağcabədi rayonunda yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır.Elmin Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elmin Bayramov doğulduğu Biləsuvar rayonu Əsgərabad kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elmin Bayramov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər