Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayev

 

Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayev  1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib.
Şəhid atası Akif Babayev deyir ki, oğlu kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda “Günnüt əməliyyatı”nda olub: “Özü sonralar danışırdı, deyirdi ata, üç gün eyni mövqedə uzanıb gözlədim. Erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurdum”.
Qeyd edək ki, “Günnüt əməliyyatı” nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib.
Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan “RPG 7” ilə təchiz olunub.
Oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Babayevə  ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nihad Babayevə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
• (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
•  (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) __"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
 

 

 


 

 

Keçidlər