Yaponiyanın ölkəmizdəki səfiri Biləsuvar rayonuna səfər edib.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi iyun ayının 13-də Biləsuvar rayonuna səfər edib.
Səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətində səfir Vada Cüniçi ilə görüş keçirilib.
Görüş zamanı Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov yaponiyalı qonağa rayonun tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti, əhalinin məşğulluğu haqqında məlumat verərək, rayonda aqrar bölmənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Bildirilib ki, Yaponiya hökuməti müxtəlif illərdə Biləsuvar rayonunda da bir çox layihələr həyata keçirib.
Rayonda görülmüş işlərə görə səfirin timsalında Yaponiya hökumətinə minnətdarlığını bildirən F.Qürbətov yeni layihələrin icrasına da ümidvar olduğunu qeyd edib.
İcra başçısı rayonda əsasən aqrar sahədə müasir texnalogiyaların tətbiqi, içməli su təchizatında, tullantıların idarə edilməsi və təhsil müəssisələrinin yenilənməsi sahələrində birgə işlərin görülməsini önə çəkib.
Səfir Vada Cüniçi Yaponiya-Azərbaycan arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı, region şəhərlərinin də müasirləşdiyinin onda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını bildirib.
Səfər çərçivəsində yaponiyalı diplomat "Azərsun Holdinq" MMC-nin Biləsuvar rayonunda fəaliyyət göstərən konserv zavodunda olaraq istehsal prosesi ilə tanış olaraq və şirkətin əkin sahələrini gəzib.