Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov İlkin Fərhad oğlunun xatirəsi ehtiramla anılıb
06 noyabr 2023 | 11:47
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan İlkin Məmmədovun üçüncü ildönümü ilə əlaqədar olaraq bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi Məmmədov İlkin Fərhad oğlu - 2002-ci il martın 27-də Biləsuvar rayonunda anadan olub. İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edib və 29 sentyabrda Xocavənd uğrunda döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. Hərbçimiz həkimlərin səylərinə baxmayaraq, 2020-ci ilin noyabrın 6-da şəhid olub.
Şəhid İlkin Məmmədov noyabrın 6-da Biləsuvar şəhər qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə İlkin Fərhad oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.