Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mahmudlu Babək Süleyman oğlunun xatirəsi ehtiramla anılıb
01 noyabr 2023 | 15:52
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Babək Mahmudlunun anım mərasimi ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi Mahmudlu Babək Süleyman oğlu - 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır.Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir.
27 sentyabr tarixində başlanan Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, xeyli düşmən əsgərini “İstiqlal”ı ilə məhv etmişdir. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Babək Mahmudlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.