Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İsayev Rahət Rafət oğlunun və Baloğlanlı Elşad Elşən oğlunun xatirəsi ehtiramla anılıb.

18 noyabr 2023 | 14:26
Bu gün ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimiz Rahət İsayevin və Elşad Baloğlanlının xatirələri anılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ata ocaqlarını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi İsayev Rahət Rafət oğlu -2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Rahət orta təhsilini başa vurduqdan sonra, Sabirabad Dövlət Sosial – İqtisadi Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olaraq təhsilini davam etdirir. Kollecdə qiyabi təhsil seçdiyi üçün 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Noyabrın 18-də doğulduğu Əliabad kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Rahət İsayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi Baloğlanlı Elşad Elşən oğlu -18 yanvar 2002-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. Elşad 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşan Elşad, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə doğulduğu Günəşli kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elşad Baloğlanlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər