Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İlkin Abıyevin və Elşad Baloğlanlının doğum günündə xatirələri ehtiramla anılıb.
18 yanvar 2024 | 16:48
Bu gün ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimiz İlkin Abıyevin və Elşad Baloğlanlının doğum günüdür. Qəhrəman şəhidimizin doğum günündə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərimizin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi.
Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi İlkin İslam oğlu Abıyev 18 yanvar 1995-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi.
2013-cü ilin iyul ayından Göygöl rayonunun Toğana kəndində yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2015-ci ildə həqiqi hərbi xidmətini başa vurub. 2017-ci ilin oktyabr ayından Daşkəsən şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu – kiçik çavuş kimi hərbi fəaliyyətə başlamışdır.
İlkin Abıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Daşkəsən rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid İlkin Abıyev 27 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Abıyev İlkin ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi Baloğlanlı Elşad Elşən oğlu -18 yanvar 2002-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. Elşad 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşan Elşad, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə doğulduğu Günəşli kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elşad Baloğlanlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.