Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əmənov Məhəmməd İltizam oğlunun xatirəsi ehtiramla anıldı

20 oktyabr 2023 | 14:28

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan "Qarabağ" ordenli Məhəmməd Əmənovun anım mərasimi ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.

Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.

Məhəmməd İltizam oğlu Əmənov - 18 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub.  Məhəmməd hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdaraq gizir kimi xidmətini davam etdirməyə başlayır.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş, düşmənə qarşı hücumda iştirak etmişdir.
27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə Goranboy istiqamətində tank komandiri kimi qatılmışdır. Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Məhəmməd Əmənov doğulduğu Bağbanlar kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd İltizam oğlu Əmənov ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları  ilə təltif olunmuşdur.

Keçidlər