Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Kərimovun və Vüqar Sarıyevin xatirəsi ehtiramla anılıb

10 oktyabr 2023 | 15:41
Şəhidlərimizin anım günündə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri onların ata ocaqlarını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Elvin Mürşüd oğlu Kərimov - 13 sentyabr 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi, üç qız övladı əmanət qaldı.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Elvin Kərimov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın rayonu istiqamətində gedən döyüşlərdə və Suqovuşan əməliyyatında düşmənə qarşı vuruşaraq şəhid olmuşdur.
Şəhid Elvin Kərimov 10 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Çaylı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elvin Kərimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Vüqar Fikrət oğlu Sarıyev - 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qaldı.
Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu olaraq Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə qatılaraq Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Vüqar Sarıyev 10 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Amankənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Vüqar Sarıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər