Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əbilzadə Sübhan Arif oğlunun xatirəsi ehtiramla anılıb

07 noyabr 2023 | 15:01
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Sübhan Əbilzadənin üçüncü ildönümü ilə əlaqədar olaraq bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi Sübhan Arif oğlu Əbilzadə - 23 aprel 1998-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır. 2018-ci ilin noyabr ayından xidmətini Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir.
Sübhan Əbilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Sübhan Əbilzadə 7 noyabr 2020-ci il tarixində doğulduğu Nərimankənd kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Sübhan Əbilzadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdir.
Keçidlər