Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş igidlərimizin ordenləri ailələrinə təqdim olunub.
10 avqust 2022 | 17:50
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş biləsuvarlı igidlərin medalları ailələrinə təqdim olundu.
Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Nağı Cəfərov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçusu polkovnik Şükür Qafarov və şəhid ailələri iştirak etdi.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Çıxış edənlər bildirdilər ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan 7 şəhidin təltifləri ailələrinə təqdim olundu.
1.Əhmədli Elməddin Gülverən oğlu – çavuş (ölümündən sonra)
2.Xanalıyev Ziyəddin Ariz oğlu – çavuş (ölümündən sonra)
3.Qasımzadə Nicat Höccət oğlu – kiçik çavuş (ölümündən sonra)
4.Baloğlanlı Elşad Elşən oğlu – əsgər (ölümündən sonra)
5.İsayev Rahət Rafət oğlu – əsgər (ölümündən sonra)
6.Qənbərli Vüsal İlkin oğlu – əsgər (ölümündən sonra)
7.Mirzəyev Sarvan Əli oğlu – əsgər (ölümündən sonra)
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.