Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan İqbal Astanlının doğum günündə xatirəsi anılıb.

10 avqust 2022 | 14:53

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov avqustun 10-də II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan İqbal İlqar oğlu Astanlının doğum günü münasibəti ilə ailəsini ziyarət etdi.

Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.Şəhidin doğum günündə qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

Şəhidin valideyinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Bildiririk ki, Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. İqbal 2003-2014-cü illərdə N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbini, 2015-2019-cu illərdə isə  Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.

O, kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdur.Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi.

İqbal Astanlı Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman NazirliyiTəhsil Nazirliyi və Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərmanlar və diplomlara layiq görülüb.

İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və  Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid İqbal Astanlı 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamları ilə İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü" və  "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Keçidlər