Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Elyar Məmmədovun doğum günündə xatirəsi anılıb.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov avqustun 22-də YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və digər şəxslərlə birgə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Elyar Elbəyi oğlu Məmmədovun doğum günü münasibəti ilə ailəsini ziyarət etdi.
Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.Şəhidin doğum günündə qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Bildiririk ki, Vətən Müharibəsi şəhidi Məmmədov Elyar Elbəyi oğlu -22 avqust 1990-cı ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.Elyar Təzəkənd kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır.Hərbi xidmətdən sonra Elyar Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışır.
Elyar Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, 27 oktyabr 2020-ci il tarixində doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Elyar Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və"Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!