Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Xəyal Nurinin anım günündə və Xalid Gözəlovun doğum günündə xatirələri anılıb.

04 noyabr 2023 | 14:00
Noyabrın 4-də Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nuri Xəyal Şakir oğlunun şəhadətinin üçüncü ildönümü və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Gözəlov Xalid Həsən oğlunun isə doğum günü qeyd olunub.
Mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri şəhidlərimizin əziz xatirələrini ehtiramla anaraq, valideyinlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi Nuri Xəyal Şakir oğlu 1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdur. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olduğu zaman Aprel döyüşlərində iştirak etmişdir. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Xəyal Nuri 4 noyabr 2020-ci il tarixində doğulduğu Ağayrı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Xəyal Nuri ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Vətən Müharibəsi şəhidi Xalid Həsən oğlu Gözəlov 1996-cı il noyabrın 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlayıb. 2019-cu ildə baş leytenant rütbəsi alıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Keçidlər