Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin doğum günündə xatirəsi anıldı.

14 noyabr 2023 | 18:32

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Rüstəmli Kənan Yalçın oğlunun doğum günü ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri ilə görüşüblər.

Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Qəhrəman şəhidimizin məzarı ziyarət olunaraq, ruhuna dualar oxunub.

Vətən Müharibəsi şəhidi  Rüstəmli Kənan Yalçın oğlu- 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbində orta təhsilini başa vuran Kənan Rüstəmli Bakı Slavyan Universitetində ali təhsil almışdır.O, idmanın boks və güləş növü ilə məşğul olurdu. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak  etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. O, 31 oktyabr 2020-ci ildə doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Rüstəmli Kənan Yalçın oğlu  ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü" və  "Suqovuşanın azad olunmasına görə"   medalları ilə təltif edilmişdir.

Keçidlər