Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsayev Rahət Rafət oğlunun doğum günündə xatirəsi anılıb.

26 dekabr 2023 | 12:38
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Rahət İsayevin doğum günü ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri ilə görüşülüb.
Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Qeyd olunub ki, Vətən müharibəsindəki şanlı Zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi əsl qəhrəmanlıq salnaməsidir.
Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi İsayev Rahət Rafət oğlu -2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad кənd tam orta məktəbdə təhsil alıb. Sabirabad Dövlət Sosial – İqtisadi Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Subay idi.
Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi.
Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Rahət İsayev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Keçidlər