Türkiyəli qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar.
Qardaşlıq protokolu əsasında 25 iyun tarixindən başlayaraq rayonumuzda səfərdə olan Çameli şəhərindən bir qrup nümayəndə heyəti bu gün Şuşa şəhərinə səfər edib.
Səfər boyu qonaqları Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Biləsuvar Təhsil Kompleksin rəhbər heyəti müşayiət edib.
Şuşa şəhər mərkəzi meydanına gələn qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Səfər çərçivəsində qonaqlar, Şuşada Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın evi, Üzeyir Hacıbəylinin heykəli, Şuşa qalasının Gəncə qapısı, Bülbülün ev-muzeyi və digər tarixi-memarlıq abidələribdə olublar.
Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Qonaqlara bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.
Səfər iştirakçıları Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.
Bildiririk ki, səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin, Dənizli vilayətinin Çameli şəhər Milli Təhsil müdiri Murat Uzun, Çameli Atatürk Ortaokulu Müdürü Bekir ÖZDEMİR, Dənizli Erbakır Fen Lisesi müdiri Seda Hilal, Çameli Belediyesi Turizm müdiri Ahmet SADIÇ, Bilişim Teknolojileri Öğretmeni Esra AY, Matematik Öğretmeni Osman Fatih SOLAK və şagirdlərdən ibarət nümayəndə heyəti Biləsuvar rayonuna gəliblər.