Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli ilçəsinin Atatürk orta məktəbi ilə Biləsuvar rayonu M.Piriyev adına Əliabad kənd tam orta məktəbi arasında qardaşlaşma protokolu imzalandı.
M.Piriyev adına Əliabad kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Cəfərli qonaqları salamlayaraq qeyd etdi ki, iki qardaş ölkə arasındakı münasibətlər bütün dünyaya nümunədir.Bizlər bu münasibətləri daha da möhkəmləndirmək üçün qarşılıqlı olaraq bütün sahələrdə dostluq və tərəfdaşlıq münasibətləri qurmalıyıq. Bu gün Atatürk orta məktəbi ilə Əliabad kənd tam orta məktəbi arasında imzalanacaq qardaşlaşma protokolu məktəblərimiz arasında bir körpü olacaq.
Azər Cəfərli bildirdi ki, imzalanan protokol bundan sonra da əməkdaşlığımızın yüksək səviyyədə inkişafına və əlaqələrimizin güclənməsinə töhfələr verəcəkdir.
Mərasimdə çıxış edən Çameli ilçə kaymakamı Kerem Yenigün göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək qeyd etdi ki, biz bir millət iki dövlətik.Buraya Türkiyədəki qardaşlarımızın salamlarını gətirdik. Bu əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün qiymətli müəllimlərimizi və dəyərli şagirdlərimizi qarşılıqlı elm və təhsil mübadiləsi üçün Biləsuvar rayonuna göndərməyə çalışacağıq.Həmçinin bu istiqamətdə bilik mübadiləsi üçün Biləsuvardakı müəllimləri və şagirdləri də Türkiyəyə səfərə dəvət edirəm.
Sonra Atatürk orta məktəbi ilə Əliabad kənd tam orta məktəbi arasında qardaşlaşma protokolunu müvafiq olaraq məktəblərin rəhbərləri Bekir Özdemir və Bəsirə Rüstəmova imzaladılar.
Mərasim xatirə şəkilləri çəkilməsi ilə yekunlaşdı.
Bildiririk ki, tədbir Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli kaymakamı Kerem Yenigün, Çameli bələdiyyə başqanı Cengiz Arslan və heyət üzvlərindən ibarət olan nümayəndələrin rayonlarımızın qardaşlaşması münasibətilə baş tutan rəsmi-işgüzar səfər çərçivəsində həyata keçirilib.