Türkiyə Cümhuriyyətinin Çameli ilçəsindən gələn qonaqlar Biləsuvar rayonunda olublar.
22 may 2025 | 13:21
2022-ci ilin mayında Türkiyə Cümhuriyyəti Dənizli vilayətinin Çameli şəhəri ilə Biləsuvar rayonu arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər" haqqında protokola əsasən bu gün Çamelili qonaqlarımız Biləsuvar rayonuna gəlib.
Qonaqlar öncə Heydər Əliyev parkında olaraq ulu öndərin abidəsini ziyarət edərək, əziz xatirəsini yad ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən rəsmi görüşdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Çameli kaymakamı Talha Tunahan Yıldırımın və Çameli bələdiyyəsinin sədri Cengiz Arslanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qübətov qonaqları salamlayaraq bu formatda qarşılıqlı görüşlərin iki qardaş xalq arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət göstərdiyini vurğulayıb.
İcra başçısı bildirib ki, ölkəmizin rəhbəri cənab İlham Əliyev öz çıxışlarında da qeyd edir ki, Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir.Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.
Faiq Qürbətov qeyd edib ki, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından istifadə edərək rayonlarımız da artıq bir neçə ildir qarşılıqlı olaraq dostluq və tərəfdaşlıq münasibətlərindən bəhrələnirlər. Qardaş şəhərlər olaraq imzalanan protokol nəticəsində bundan sonra da əməkdaşlığımızın yüksək səviyyədə inkişafına və hərtərəfli əlaqələrin güclənməsinə töhfələr verəcəkdir.
Görüşdə çıxış edən Çameli ilçə kaymakamı Talha Tunahan Yıldırım və Çameli bələdiyyəsinin sədri Cengiz Arslan göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək əlaqələrimizin bundan sonra bütün istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qardaşlıq əlaqələri çərçivəsində qarşılıqlı hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.






