Torpaqlarımızın azadlığı uğründa şəhid olmuş Rüstəmli Kənan Yalçın oğlunun və Ziyadov Cəsarət Zaur oğlunun xatirəsi ehtiramla anıldı.
Bu gün Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin ildönümü ilə əlaqədar doğulduğu Əsgərabad kəndində və ölkəmizin ərazi bötüvlüyünün bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Ziyadov Cəsarət Zaur oğlunun doğum günü münasibətilə doğulduğu Xırmandalı kəndində ata ocaqları ziyarət olunaraq xatirələri anılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri mərasimlərdə iştirak edərək şəhidlərin valideyinləri və yaxınları ilə görüşüblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
Vətən Müharibəsi şəhidi Rüstəmli Kənan Yalçın oğlu- 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur.Kənan Bakı Slavyan Universitetində ali təhsil almışdır.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsi, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. O, 31 oktyabr 2020-ci ildə doğulduğu Əsgərabad kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Rüstəmli Kənan Yalçın oğlu ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhid Ziyadov Cəsarət Zaur oğlu - 31 oktyabr 2004-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətdə olan Cəsarət 19 sentyabr 2023-cü il tarixdə ölkəmizin ərazi bütövlüyünün bərpası məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatlarında iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Cəsarət Ziyadov doğulduğu Xırmandalı kəndində dəfn olunmuşdur.