Taxıl yığımında yüksək məhsuldarlıq təmin olunub.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda taxıl biçilən sahələrə baxış keçirərək torpaq mülkiyyətçiləri ilə görüşüb.
İcra başçısı fermer Mirsahib Zəkiyevə məxsus təsərrüfatda olaraq biçin prosesinin gedişi ilə tanış olub. Qeyd edək ki, fermer Mirsahib Zəkiyev cari mövsümdə yüksək aqrotexniki qulluq sayəsində hər hektardan 50 sentnerdən çox keyfiyyətli ərzaq buğdası əldə etmişdir.
Fermerlərlə səmimi söhbət zamanı Faiq Qürbətov onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlətin kənd təsərrüfatına göstərdiyi diqqəti vurğulayaraq, müasir texnologiyaların tətbiqinin, itkisiz yığımın və innovativ üsulların məhsuldarlığın artırılmasındakı rolunu xüsusi qeyd edib.
Məlumat üçün bildiririk ki, cari ilin məhsulu üçün rayonda ümumilikdə 35562 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 28117 hektarını arpa, 7445 hektarını isə buğda bitkisi təşkil edir. Artıq 33290 hektar sahədə məhsul biçini yekunlaşıb. Bugünədək sahələrdən 115675 ton taxıl məhsulu toplanmışdır ki, nəticədə məhsuldarlıq hər hektardan 34,7 sentner olmuşdur.
Arpa sahələrindən 97425 ton məhsul götürülüb və məhsuldarlıq 34,7 sentner olub. Buğda sahələrində isə 5225 hektarda biçin aparılıb ki, burdan da 18250 ton məhsul götürülərək məhsuldarlıq 34,9 sentner olmuşdur.
Qeyd edək ki, Biləsuvar rayonunda taxılçılıq sahəsində 2025-ci illə müqayisədə bu il məhsuldarlıqda 3-5 faizdən çox artım qeydə alınmışdır ki, bu da təxminən 10 min ton məhsul deməkdir.






