Şəhidlərin medalları ailələrinə təqdim edildi
Medalların təqdimetmə mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, Azərbaycan ordusunun zabitləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov mərasimdə bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında istər 44 günlük Vətən Müharibəsində, istərsə də 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirlərində Azərbaycan Ordusu öz şücaətini, qüdrətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlmişdir.
İcra başçısı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını bildirərək, onların əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını qeyd edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün təltif edilmiş Kəlbiyev Əkrəm Faiq oğlunun və Teymurov Rəsul Yusif oğlunun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Vətən uğrunda” medalları şəhidlərimizin valideynlərinə təqdim olunub.
Təqdimat mərasimindən sonra İcra başçısı şəhid valideynləri ilə görüşərək, onları dinləmiş və səmimi söhbət etmişdir.İcra başçısı adları tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib.
Görüş zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda bayram sovqatı paylanılmış və xatirə şəkli çəkilmişdir.