Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ziyarət Hüseynov Biləsuvarda torpağa tapşırıldı.

14 sentyabr 2022 | 18:17

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən  qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin kiçik giziri Hüseynov Ziyarət Mayıl oğlu bu gün böyüyüb boya- başa çatdığı Biləsuvar rayonunun Amankənd  kəndində torpağa tapşırılıb.           

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etdilər.

Şəhidlə vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  Ziyarət Hüseynovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi.

Dəfn mərasimində Şəhidin atası Mayıl Hüseynov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin tabutunun üzərinə  çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olundu.

Bildiririk ki, 15 may 1994-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuş Hüseynov Ziyarət Mayıl oğlu 2015-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə başlayıb.Ziyarət Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində kiçik gizir rütbəsində çalışırdı.

Ziyarət Hüseynov aprel döyüşlərinin iştirakçısı olmuş və 44 günlük Vətən müharibəsində isə yaralanmışdır.Lakin müharibədən sonra yenidən hərbi xidmətini davam etdirmişdir.Şəhidimiz ailəli idi və bir övladı yadigar qaldı.

Keçidlər