Şəhid Rəşid Zeynalovun orden və medalları ailəsinə təqdim edildi.
27 dekabr 2023 | 17:15
Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi və Rəşid Zeynalovun atası iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında istər 44 günlük Vətən Müharibəsində, istərsə də 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirlərində Azərbaycan Ordusu öz şücaətini, qüdrətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlmişdir.
İcra başçısı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını bildirərək, onların əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını qeyd edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün təltif edilmiş Zeynalov Rəşid Mədəd oğlunun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı şəhidimizin valideyninə təqdim olunub.