Mübariz İbrahimov adına Məktəb-Lisey kompleksində “8 noyabr Zəfər Günü”nə həsr olunmuş tədbir keçirildi.
07 noyabr 2022 | 09:57
05 noyabr 2022-ci il tarixdə Mübariz İbrahimov adına Məktəb-Lisey kompleksində keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, şəhid ailələri, qazilər, liseyin pedaqoji kollektivi və şagirləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş nitqi söyləyən Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfərdən danışaraq qeyd etdi ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirdi ki, Azərbaycan dövləti hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır.Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində qürurla, qalib ölkənin vətəndaşı olaraq gəzir.Bu zəfəri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bizlərə yaşatdı. Bu qələbə, Zəfər haqqında yüz illərlə danışılacaq.
İcra başçısı qeyd etdi ki, bu qələbəni bizlərə yaşadan şəhidlərimiz və qazilərimiz daima dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Faiq Qürbətov çıxışının sonunda bütün təhsil və tərbiyə ocaqlarında qələbəmizə həsr olunan tədbirlərin mütəmadi olaraq keçirilməsini qeyd etdi və bildirdi ki, bu gün gənc nəslin yetişməsində bu qələbəni yazan qəhrəmanlarımızın həyatı örnək olmalıdır.
Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Elçin Səfərli döyüş xatirələrindən danışıb və onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına dərin minnətdarlığını bildirib.
Tədbir liseyin kollektivi və şagirdlər tərəfindən hazırlanmış bədii hissə ilə davam edib.