Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olundu.
07 fevral 2024 | 19:17
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Milli Qəhrəmanın Əliabad kəndində yerləşən ata ocağını ziyarət edərək ailəsi ilə görüşüb.
Faiq Qürbətov Milli Qəhrəmanın ailəsi ilə görüşdə Mübariz İbrahimovun göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyini qeyd edərək bildirib ki, Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Məhz 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli minlərlə cəsarətli Vətən övladları yetişib və bu ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarını cəmi 44 gün ərzində azad etdi.
Görüşdə bildirildi ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.