Milli mətbuatın yaranmasının 150 illiyi qeyd olunub.
Milli mətbuatımızın yaranmasının 150 illiyi münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda fəaliyyət göstərən mətbuat nümayəndələri, televiziya, sayt və qəzet rəhbərləri ilə görüşüb.
Peşə bayramları münasibətilə jurnalistləri təbrik edən Faiq Qürbətov qeyd edib ki, 150 il öncə Həsən bəy Zərdabinin böyük çətinliklərlə nəşrinə başladığı “Əkinçi” qəzeti Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biridir. Qəzet çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, insanlara ana dilini aşılamaq kimi mühüm missiyaları üzərinə götürərək böyük bir jurnalistika məktəbinin əsasını qoyub.
İcra başçısı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasət bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Faiq Qürbətov Milli mətbuatımızın yaranmasının 150 illiyi münasibətilə qələm sahiblərini bir daha təbrik edərək, Biləsuvar rayonunun ictimai-siyasi, sosial-iqtisadi, kənd təsərüfatı və digər sahələrində görülən işləri mütəmadi olaraq işıqlandırdıqlarına görə minnətdarlığını bildirib.
Görüşdə çıxış edən Biləsuvar Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov və YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı da peşə bayramları münasibətilə jurnalistləri təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıblar.
Mətbuat nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Sonra media nümayəndələrinə Milli mətbuatımızın 150 illiyi münasibətilə Fəxri Fərmanlar təqdim olunub, xatirə şəkli çəkilib.






