Mayın 30-da Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Abel Məhərrəmov, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə konfrans iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirakçıları salamlayaraq, Biləsuvar rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac vardır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ağsaqqallara böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, məhz onun hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış edərək ötən dövr ərzində şuranın fəaliyyəti barədə hesabat xarakterli məruzə edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Abel Məhərrəmov konfransda çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
A.Məhərrəmov ağsaqqallıq hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb.Sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib.
Abel Məhərrəmov Azərbaycan Ağsaqqallar Şurasının prioritetlərindən, qarşıya qoyduğu əsas məqsədlərdən söz açıb.
Çıxış edənlər ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini diqqətə çatdırıblar.
Konfransda təşkilati məsələlərə baxılıb.