İcra başçısı Türkiyə Cümhuriyyətindən səfərdən qayıdan heyətlə görüşüb.
2022-ci ilin may ayının 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli Belediyesi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər" haqqında protokola uyğun olaraq bu ilin iyul ayında Türkiyə Respublikasında 10 günlük səfərdə olan nümayəndə heyətini bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qəbul edib.
Görüş zamanı İcra başçısı qeyd edib ki, bu formatda səfərlərin təşkilində əsas məqsəd eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan Azərbaycan və Türkiyə xalqları arasında əməkdaşlığımızın daha da yüksək səviyyədə inkişafına və hərtərəfli əlaqələrin güclənməsinə töhfələr vermək, təhsil müəssisələri, liseylər, arasında qarşılıqlı əlaqələrin qurulması və tanışlıq görüşlərinin keçirilməsidir. Səfər zamanı nümayəndə heyətinin bu ölkənin turizm və mədəniyyət obyektləri ilə tanış olması, tarixi və görməli yerlərini ziyarət etmələri imkan verəcək ki, şagirdlər və müəllimlərimiz bu ölkənin tarixi və mədəniyyəti ilə də əyani şəkildə tanış olsunlar.
Sonra zəngin səfər proqramından danışan Mübariz İbrahimov adına Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov göstərdikləri köməyə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova və Çameli Bələdiyyə sədri Cengiz Arslana kollektivin adından minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkildi.