İcra başçısı rayonun əkin sahələrini suvarma suyu ilə təmin edən “Maşın qolu” nasos stansiyasına baxış keçirib.
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun əkin sahələrinin suvarma suyu ilə təmin edən “Maşın qolu” nasos stansiyasına baxış keçirib.
İcra başçısı nasos stansiyalarının mövcud texniki vəziyyəti, aqreqatların iş rejiminin səmərəliliyi və suyun ötürülmə gücü ilə yaxından tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, torpaqların suvarılmasında mühüm rol oynayan bu sistem 1985-ci ildə istismara verilib. Stansiyada hər biri 2000 kvt gücü olan 9 ədəd aqreqatlar 0,6 km beton üzlüklü su ötürücü kanaldan suyu qəbul edir və 3,5 km dəmir borular vasitəsi ilə 27 metr yüksəkliyə qaldırmaqla “Maşın Qolu” kanalına ötürür. Nasos stansiyasının ümumi məhsuldarlığı 35 m3/san, suaşırımı 27 m-dir. Maşın-Qolu kanalının ümumi uzunluğu 41,6 km-dir. Xidmət etdiyi sahə ümumilikdə 30600 hektardır. Kanalın 17,2 km Biləsuvar ərazisi, 24,2 km isə Cəlilabad ərazisində yerləşir.Kanalın başdan suburaxma qabiliyyəti 35 m3/san, sonda isə 7 m3/san-dir. Görüş zamanı kanalların lildən və ziyanlı bitkilərdən təmizlənməsi istiqamətində görülən ardıcıl tədbirlər barədə icra başçısına məlumat verilib.Qeyd olunub ki, kanalda su itkisinin minumuma endirilməsi məqsədilə betonlama işlərinə başlanılmışdır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov yay mövsümündə su itkisinin minimuma endirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb və fermerlərin və yerli torpaq mülkiyyətçilərinin suvarma suyu ilə bağlı müraciətlərinin vaxtında, həmçinin operativ şəkildə həll olunmasının vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinə suyun ədalətli və növbəlilik prinsipinə tam uyğun şəkildə paylanması üçün aidiyyəti idarə rəhbərlərinə tapşırıqlar verib. Görüşdə kənd təsərrüfatında müasir və qənaətcil suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.
İcra başçısı infrastrukturun fasiləsiz işləməsini təmin etmək məqsədilə Maşın Qolu Stansiyasında mütəmadi monitorinqlərin keçirilməsinin zəruriliyini qeyd edib.
Sonda mövcud resurslardan maksimum səmərəli istifadə edilməsi və yaranacaq hər hansı nasazlığın dərhal aradan qaldırılması üçün konkret vəzifələr müəyyənləşdirilib.






