İcra başçısı Beynəlxalq Ailə Günü münasibətilə Ağalıkənd kəndində yaşayan Mirzəyevlər ailəsini ziyarət edib.
15 may 2024 | 14:58
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun Ağalıkənd kəndində yaşayan və 60 ildən artıq birgə ömür-gün keçirən Adil Mirzəyev və Səbiyyə Ağayevanın ailəsini ziyarət edərək, xoş arzularını bildirib.
İcra başçısı qeyd edib ki, bütün xalqlar ailəyə həmişə yüksək münasibət bəsləyib. Azərbaycan xalqı isə ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən uca tutub. Qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulan Azərbaycan ailəsi milli mədəniyyətimizin, adət-ənənələrimizin daşıyıcısıdır. Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, rifahının daha da yaxşılaşdırılması, milli dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışıb.
İcra başçısı səmimi söhbət zamanı ailənin sosial vəziyyəti ilə maraqlanıb, ailə üzvlərinə can sağlığı və uzun ömür arzulayıb.
Qeyd edək ki, Mirzəyevlər ailəsinin 7 övladı, 19 nəvəsi və 16 nəticəsi vardır.
60 ildən artıq birgə ömür-gün sürən Adil Mirzəyev və Səbiyyə Ağayeva görüş zamanı ailə dəyərlərinin müqəddəsliyindən danışaraq, keçmiş xatirələrini bölüşüblər.