Şriftin ölçüsü :

Saytın rəngi :

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğıl Biləsuvar rayonuna səfər edib.

21 oktyabr 2025 | 12:26
Səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətində səfir xanım Zəkiyyə İğıl ilə görüş keçirilib.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun tarixi, coğrafi mövqeyi, adət-ənənələri, mədəni həyatı, əhalinin məşğulluq vəziyyəti, rayonda aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən layihələr və görülən tədbirlər barədə səfirə ətraflı məlumat verib.
Səfir xanım Zəkiyyə İğıl öz çıxışında iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin getdikcə möhkəmləndiyini, beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan və Əlcəzairin bir-birinə dəstək nümayiş etdirdiyini vurğulayıb. O, Azərbaycanın regionlarında müşahidə olunan sosial-iqtisadi inkişafın, şəhərlərin müasirləşməsinin və insanların qonaqpərvərliyinin ona dərin təəssürat bağışladığını qeyd edib.
Səfər çərçivəsində xanım səfir Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub. Daha sonra o, bir qrup müəllimlə görüşərək təhsil sahəsində fikir mübadiləsi aparıb.
Daha sonra səfir “Prime Cotton” MMC-nin pambıq sahəsini ziyarət edərək pambıq yığımı ilə məşğul olan qadınlarla görüşüb və sahədə xanımlarla birgə pambıq yığıb.
Səfirin növbəti görüşü Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksində baş tutub. Kompleksin pedaqoji heyəti və şagirdlərlə görüşən xanım Zəkiyyə İğıl gələcəkdə Azərbaycan və Əlcəzair arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səfər proqramı çərçivəsində xanım səfir “Karvan” restoranında Əlcəzairin milli mətbəxini təbliğ edən kulinariya üzrə master-klassa qatılıb.
Qeyd edək ki, səfər Əlcəzair ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən önəmli bir addım kimi dəyərləndirilib.
Keçidlər