Şriftin ölçüsü :

Saytın rəngi :

Daşkənddə Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçirilib.

23 avqust 2026 | 09:23
22 avqust 2026-cı il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında IV Regionlararası Forum keçirilib.
Forumun təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikası ilə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi əhəmiyyətin, həmçinin iki ölkə arasında regional səviyyədə iqtisadi-ticari əməkdaşlığın daha da gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi niyyətinin növbəti bariz nümunəsidir. Bu forum ölkələr arasındakı mövcud potensialı reallaşdırmaq, iş adamları arasında birbaşa əlaqələri genişləndirmək və qarşılıqlı investisiya qoyuluşlarını stimullaşdırmaq baxımından mühüm platformadır.
Tədbirdə hər iki ölkənin dövlət rəsmiləri, region rəhbərləri, investisiya agentliklərinin nümayəndələri və aparıcı işgüzar dairələrinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratov çıxış edərək iki ölkə arasındakı strateji müttəfiqliyin iqtisadi müstəvidə sürətlə inkişaf etdiyini vurğulayıblar.
Görüşdə sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışı zamanı Biləsuvar rayonu haqqında ətraflı məlumat verdikdən sonra Biləsuvar rayonu ilə Özbəkistan Respublikasının Termez şəhəri arasındakı qardaşlaşma protokolunun 21 may 2024-cü il tarixində Quba şəhərində keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumu çərçivəsində imzalandığını bildirib.
İcra başçısı Azərbaycan–Özbəkistan xalqları arasında keçirilən forumların ölkələrimizin regionları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da zənginləşdirilməsi, sosial, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində mühüm rol oynadığını qeyd edib.
Faiq Qürbətov forum çərçivəsində Surxandərya vilayət hakiminin müavini Sherali Xolmaxamadoviç Jorayevlə və Surxandərya vilayətinin Termez şəhərinin icra başçısı (hakimi) Şarofiddin Usanoviç Lolayevlə görüşərək iki şəhər və region arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eləcə də iqtisadi, sosial, mədəni və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.
Keçidlər