Bu il keçirilən səyyar qəbullarda əhali tərəfindən qaldırılan məsələlərin icrası təmin edilir.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla keçirdiyi səyyar qəbullar zamanı kənd sakinlərinin təklifləri və onları narahat edən problemlər İcra başçısı tərəfindən dinlənilərək həlli ilə bağlı tədbirlər müəyyənləşdirilir. Həlli zaman tələb edən məsələlər isə Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülərək icrası istiqamətində aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilir.
Biləsuvar Rayon icra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun Aranlı-Çinarlı kənd sakinləri ilə keçirdiyi səyyar qəbul zamanı yeni yaşayış məhəlləsindəki 300 metr uzunluğunda küçənin düzəldilərək qum-çınqıl qarışığı ilə üzlənməsi barədə müraciət İsmətli bələdiyyəsi, Amankənd kəndində keçirilən səyyar qəbulda ərazidə fəaliyyət göstərən modul tipli sutəmizləyici qurğuların bulaqlarının təmir olunması ilə bağlı etdikləri müraciət Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, İsmətli kəndində keçirdiyi səyyar qəbul zamanı Sifayi Musayeva küçəsinin 500 metrlik hissəsinin qumlanması barədə müraciət İsmətli bələdiyyəsi, Bəydili kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən köhnə yeraltı təbii qaz xətlərinin dəyişdirilərək yerüstü borularla əvəz olunması ilə bağlı etdikləri müraciət Biləsuvar Qaz İstismar Sahəsi tərəfindən icra olunaraq artıq öz həllini tapmışdır.
Bildiririk ki, səyyar görüş və qəbullarda qaldırılan məsələlərin icrasına nail olmaq üçün səsləndirilən təkliflər ümumləşdirilərək hər ay Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı yanında müzakirə olunur.