Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi ehtiramla anıldı.
29 sentyabr 2023 | 17:24
Bu gün ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin xatirələri anılıb. Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ata ocaqlarını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.
1.Babayev Elməddin Cəfərqulu oğlu- 26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur.
2007-ci il 22 dekabr tarixdən Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə gizir kimi hərbi xidmətə başlamışdır.
Elməddin Babayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən 29 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 3 övladı var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
2.Məmmədzadə Kamran Füzuli oğlu- 24 mart 1996-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Kamran Məmmədzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən 29 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Kamran Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
3. Xosizadə Müşfiq Zakir oğlu- 14 aprel 1994-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Müşfiq Xosizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində iştirak etmiş və 29 sentyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Müşfiq Xosizadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
4. Astanlı İqbal İlqar oğlu- 10 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi.
Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdir.İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 29 sentyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə İqbal Astanlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
5.Eynullayev Rövşən Elşən oğlu- 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Rövşən Eynullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 29 sentyabr 2020-ci il tarixində Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Rövşən Eynullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
6.Quluzadə Məhəmməd Cəlal oğlu- Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur.
O, 2017-ci ildə Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 2019-cu ildə həqiqi hərbi xidmətdən təxris olunmuşdur. 2020-ci ildə isə könüllü şəkildə yenidən ordu sıralarına qayıdaraq Tərtər rayonu N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlamışdır.
Məhəmməd Quluzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edərək 29 sentyabr 2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd Quluzadə ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə"medalları ilə təltif edilmişdir.